"Hər birimiz ekoloji terrora qarşı öz haqq səsimizi ucaltmalıyıq" - Rasim Quliyev

“Şuşa-Xankəndi yolunda keçirilən aksiya Azərbaycan ictimaiyyətinin öz dövlətinə, xalqına, vətəndaşına, təbii sərvətlərinə sahib çıxmaq niyyətində olduğunun və artıq bunu bacardığının bariz nümunəsidir”. Bu fikirləri SİA-ya “Resurs” Analitik İnformasiya Mərkəzinin sədri Rasım Quliyev Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası ilə bağlı açıqlamasında deyib.

Mərkəzin sədri qeyd edib ki, buna görə də Azərbaycanın ictimai fəalları, qeyri-hökumət təşkilatının nümayəndələri, müxtəlif sosial təbəqədən olan insanlar burada iştirak edir: “Hər birimiz Azərbaycanın təbii sərvətlərinin qanunsuz şəkildə daşınmasına, ermənilərin Qarabağda törətdiyi ekoloji terrora qarşı öz haqq səsimizi ucaltmalıyıq. Azərbaycanın son 30 ildə təbii sərvətləri istismar olunaraq dağıdılıb və bu proses bu gün də davam edir. Qanunsuz olaraq talan edilən təbii sərvətlərdən əldə olunan gəlirin bir qismi ermənilərin rifahı üçün sərf olunsa da, böyük bir hissəsi yalnız və yalnız beynəlxalq bir qrupun mənafeyi üçün istifadə olunur. Azərbaycan həmişə sülh çağırışları edərək erməni cəmiyyətinə çatdırıb ki, onlar hər hansısa bir beynəlxalq mafiyanın qurbanı olmasınlar. Nə qədər ki, gec deyil bizim vətəndaşlığımızla birgəyaşayışı qəbul edərək torpaqlarımızda yaşaya bilərlər. Ermənistan artıq Qarabağ yükünü öz üzərində daşımaq istəmir. Fikrimcə, Azərbaycan dövləti öz torpaqlarında monitorinqlər aparmalıdır. Aksiyada iştirak edən insanların da ən böyük amalı budur və inanırıq ki, məqsədimizə nail olacağıq. Rus sülhməramlı qüvvələrinə artıq bizim inamımız itib və özlərinin də etiraf etdiyi kimi bizim ərazilərimizə nəzarət edə bilmirlər. Azərbaycanın güclü ordusu var. Biz müstəqil ölkə olaraq aidiyyatı qurumlarımızın iştirakı ilə qanunsuz istismar olunan yataqlarımızda monitorinqlər aparmalıyıq”.