Rusiyada sərnişin təyyarəsi yanıb

1 Sentyabr 2018 09:18 (UTC+04:00)

Rusiyanın Soçi şəhərində “Utair” hava şirkətinə məxsus “Boeing 737” sərnişin təyyarəsi hava limanına enmə zamanı alışıb.

“RİA Novosti”nin xəbərinə görə, Moskvadan Soçiyə uçan “Boeing 737” sərnişin təyyarəsi yerli vaxtla saat 02:59-da uçuş-enmə zolağından kənara çıxıb və yanıb.

Alovun söndürülməsinə yanğınsöndürmə texnikası cəlb edilib. Hadisə zamanı təyyarənin ön hissəsi zərər çəkib.

Son məlumata görə, hadisə zamanı 18 nəfər xəsarət alıb, 160 nəfər təxliyyə edilib. Xəsarət alanlardan 3 nəfəri uşaqdır.

Soçi aeroportundan verilən məlumatda hadisə zamanı aeroportun 1 əməkdaşının ürək tutmasından öldüyü də bildirilib.