Dnepropetrovski şəhərində soydaşlarımızı necə tanıyırlar?

4 Noyabr 2017 11:23 (UTC+04:00)

Salam, mən Yuri Valeriyeviç Kisleyko Ukrayna Dövlət İstehlakçıların hüquqlarının qorunması xidmətinin Dnepropetrovskiy vilayəti üzrə rəhbəriyəm. Mən azərbaycanlılar və xüsusən də Nəcəf Əhmədovla uzun müddətdir ki, tanışam. Nəcəf otuz ildən çoxdur ki, Dnepropetrovskiy şəhərində yaşayır. Azərbaycan diasporunun rəhbərlərindən biridir. Biz onunla ailəliklə dostluq edirik. N. Əhmədov özü də istehlakçı olub, uzun illər iş adamı kimi fəaliyyət göstərir. O, bir çox ictimai işlərdə, o cümlədən yerli diaspor təşkilatları ilə də işləyir, onlara dəstək olur. O, Dnepropetrovskiy şəhərində beynəlxalq ROTER klubunun üzvüdür. Bu klub əlil və kimsəsiz, valideynlərini itirmiş uşaqlara dəstək olur. Bilirsiniz ki, bizdə də bu gün müharibə şəraitidir. Odur ki, antiterror təşkilatında xidmət edərkən həlak olanların övladlarına yardım olunur. Bilirsinizmi biz Nəcəfin timsalında Azərbaycan haqqında yaxşı fikirdəyik. Belə ki, biz istər biznes, istər də şəxsi dostluq əlaqələri olsun, bütün bunlardan istifadə edərək biri-birimizi yaxından tanımağa başladıq. Biz Nəcəfin dəvəti ilə Azərbaycana səfər etdik. Onun doğulduğu vətəndə olduq, uşaqlıq dostları ilə görüşdük. Xalqlarımız uzaqda yaşamasına baxmayaraq, ürəkləri biri-birinə çox yaxındır. Biz Azərbaycanda istiqanlılıq, qonaqpərvərlik, dadlı mətbəx gördük. İnsanları çox gözəldir. Azərbaycan çox sürətlə inkişaf edib. Bilirsinizmi Nəcəf diaspor fəaliyyəti ilə yanaşı həm də yaxşı biznesmendir. Biz hazırda onunla yaxşı bir layihə üzərində işləyirik. Bilirsiniz ki, Ukrayna torpaqlarında qoz yaxşı bitir, odur ki, onunla tinglik salmağı düşünürük. N. Əhmədov diaspor fəaliyyəti ilə ciddi məşğul olduğu üçün çox tez-tez xaricdən gəlmiş nümayəndələrlə də görüşür. Ümumiyyətlə bu insan hərtərəfli bir insandır.

Bizim işimiz elədir ki, tez-tez bir çox millətlərin nümayəndələri ilə görüşürük. Bizim üçün ən əlçatan Azərbaycan cəmiyyətidir. Azərbaycan cəmiyyəti deyəndə biz bilirik ki, hər şey səmimi, açıq və təmizdir. Hər hansı bir iş görən zaman hökmən etibar olmalıdır. Bax bu məsələdə biz daha çox Azərbaycan cəmiyyətinə etibar edirik. Azərbaycanlılar çoxdan yerli xalqlara inteqrasiya olunub. Digər xalqlardan fərqli olaraq, bizim aramızda heç bir anlaşılmazlıq yoxdur.

Bakı bizə çox yaxşı təsir bağışladı. Təmizlik, köhnə və yeni şəhərə baxdıq. Hətta dükanları gəzdik, Bakı bizi valeh etdi. Biz aeroporta düşəndə, artıq bu ölkənin çox irəli getdiyini gördük. Mən deyərdim ki, keçmiş postsovet ölkələri sırasında birincidirlər. Azərbaycan təbiətin onlara bəxş etdiyi ailə mədəniyyətini qoruyub saxlayıb, hamı bilir ki, ailədə ata başçıdır. O, çox müdrikdir, o qışqırmadan sadə dillə öz övladını başa sala bilir və uşaq da başa düşür ki, ata haqlıdır. Çox gözəl adət-ənənələriniz var. Hansı ki, bəzi müsbət keyfiyyətlər bizlərdə unudulub. Biz də çalışırıq ki, sizin millətin müsbət keyfiyyətlərinə inteqrasiya edək.

Bu gün bizim şəhərdə yaşayan azərbaycanlılar təkcə bazarda deyil. Bax görürsünüzmü, Nəcəfin timsalında biz sizin xalqın Müstəqillik gününü, Novruz, Qurban və s. bayramlarınızın vaxtını bilirik. Çünki, şəhərimizdə tez-tez tədbirlər keçirilir. Bilirsinizmi, mənim evimdə sizin milli gəlinciklərdən var. Əsas odur ki, biz hər hansı bir milli hədiyyə almaq üçün Azərbaycana getmirik. Hər şeyi burada alırıq. Qaldı azərbaycanlıları, bu şəhərdə hər yerdə görmək olar. İstər bazar, restoran, tibb, tikinti sektorunda, istər də, təhsil və mədəniyyət sahəsində də görmək mümkündür. Bu gün bizim şəhərimizdə böyük bir tikinti kompleksini azərbaycanlılar tikir. Əminəm ki, Azərbaycan milli memarlıq üslubu şəhərimizə xüsusi gözəllik gətirəcəkdir.

Əlmaniz Ələkbərli