Çelyabinskdə yaşayan məşhur azərbaycanlı idmançı

2 Noyabr 2017 16:26 (UTC+04:00)

Raqib Abdullayev: “Harada yaşamağımdan, döyüşməyimdən asılı olmayaraq ürəyim həmişə Vətən eşqi ilə döyünür”

Raqib Naib oğlu Abdullayev Sumqayıt şəhərində doğulmuşam. Əsgəri xidmətimi başa vurduqdan sonra Çelyabinsk şəhərində qaldım. Bir boksçu kimi burada qalmağımın mənə çox xeyri oldu. Boks üzrə SSRİ idman ustasıyam, Kinq-boksink üzrə idman ustasıyam. Rusiyanın Əməkdar İdman Ustasıyam, Rusiya bədən tərbiyəsi əlaçısıyam, Əməkdar Məşqçisiyəm. Bundan əlavə UNİFİGHT-PRO Beynəlxalq Professional Federasiyasının Baş direktoru, “Universal Döyüş” üzrə Çelyabinsk Vilayət Federasiyasının Prezidentiyəm.

Taleyimdən gileyli deyiləm ki, qəribçilikdəyəm. Çelyabinsk mənə bu həyatda çox şey verdi. Bu gün nə ediriksə millətimiz üçün edirik. Mən azərbaycanlıyam, onu unutmaq olmaz. Hər bir hərəkətimizlə millətimizin başını uca etməliyik. Elə etməliyik ki, millətimizin adını batırmayaq. Mən atasız böyümüşəm. Anam məni Azərbaycana dəvət edərək daha ailə qurmağın vaxtıdır dedi. Mən də onların sözündən çıxmadım. Ailəliyəm, üç övladım var.

Mən SSRİ vaxtında boksdan Kinq-boksinqə gəldim. SSRİ-nin ilk kinq-boksçularındanam. SSRİ yığmasının üzvü olmuşam. Sonra universal döyüşlərinə də keçdim. Bu gün hər iki istiqamətdə işimi davam etdirirəm. Mən bu gün gördüyünüz kimi, həm də hakimlik edirəm. Burada xeyli azərbaycanlılarımız var. Tələbələrimdən Canıyev qardaşları var, tay-boksla məşğul olurlar. Ramil və Tural Canıyev qardaşları çox güclü idmançılardılar. Düzdür Ramil bir ay əvvəl faciəvi şəkildə dünyasını dəyişib, elə buradan da onun valideynlərinə başsağlığı da verirəm. Biz bu hadisədən çox üzülmüşük, axı onların hər biri bizim üçün çox doğmadır. Mənim tələbələrimin bir qismi hüquq-mühafizə orqanlarında, bir qismi mühafizədə və digər sahələrdə çalışırlar. Onların heç biri məni unutmur, hər bayramda zəng edirlər, görüşürük. Tələbələrimdən dünya, Avropa və Rusiya çempionları var. Bu yaxınlarda mənim tələbəm Mariya Kunitsina döyüşün iki növü üzrə Avropa çempionu oldu. Biz Azərbaycanda tez-tez döyüşlər keçiririk. Xüsusən də kinq-boksinq və universal döyüş federasiyaları ilə sıx əlaqə saxlayırıq. Mənim tələbələrimdən bir əməkdar idman ustası, dörd beynəlxalq dərəcəli idman ustası və iyirmi idman ustası adına layiq görülüb. İdman ustalığına namizədlərin isə sayı daha çoxdur.

Bizim millətin nümayəndələri bu şəhərdə az deyildir. Həkim-professorlarımız, deputatımız var. Hərdən görüşürük hər hansı bir problem olarsa gücümüz çatarsa dərhal həll edirik.

Əlmaniz Ələkbərli