Baş nazirin müavini həmsədrlərin fəaliyyətsizliyindən danışdı

14 İyun 2017 16:29 (UTC+04:00)

"ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərindən gözləntimiz ondan ibarətdir ki, onlar ədalətli qərar qəbul olunması üçün daha ciddi şəkildə çalışsınlar. Vəzifələrini təkcə regiona səfər etməklə bitmiş bilməsinlər". Səs TV-nin verdiyi məlumata görə, bunu bu gün jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-icra katibi Əli Əhmədov deyib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu uzun illərdir fəaliyyət göstərir, amma Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün lazımi addımlar atılmır: "Müəyyən işlər görürlər. Onların fəaliyyətinə ədalətsiz qiymət vermək istəmirəm. Amma münaqişənin həll olunması üçün bizim istədiyimiz, məcburi köçkünlərimizin həyatının yaxşılaşdırılması üçün arzuladığımız əsas işlər görülməyib. Torpaqlarımız azad olunmayıb və insanlarımızın öz yurd-yuvasına qayıtması üçün şərait yaradılmayıb. Bizim onlardan gözləntimiz bunlardır. Bu yaxınlarda müxtəlif bəyanatlar səsləndiriblər. Əsas bəyanat o olmalıdır ki, nəhayət, bu problem öz həllini tapsın. Bu problem həddən artıq çox uzandı. Problemin uzanması insanlara qarşı olan ədalətsizliyin davam etməsidir. Münaqişənin həll olunmamış qalması bölgədə gərginliyin artmasına xidmət edir".