Rafal Piexota: “Azərbaycanda qısa zamanda çox böyük nailiyyətlər əldə edilib”

Xəbər verdiyimiz kimi, Dünya Antidopinq Agentliyinin (WADA) Avropa Komitəsinin sədri, Polşanın idman və turizm naziri ofisinin direktor müavini Rafal Piexota Azərbaycanda səfərdədir. SİA-nın məlumatına görə, qonaq bu gün Gənclər və İdman Nazirliyində ölkəmizə səfərinin məqsədi haqqında media nümayəndələrinə açıqlama verib: “Bu, Avropa Şurasının Anti-Dopinq Konvensiyası və WADA-nın birgə səfəridir. Səfərin məqsədi Azərbaycanda antidopinq siyasətinin monitorinqini aparmaq və məsləhətlər görməkdir. Biz səfər zamanı bir çox dövlət qurumlarının - Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Gömrük Xidməti, Dövlət Sərhəd Xidməti, idman federasiyalarının nümayəndələri və Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradovla görüşdük. Azərbaycanda antidopinq sahəsində bir il ərzində görülən işləri çox yüksək qiymətləndiririk. Müşahidə etdiyimiz proseslər haqqında ümumilikdə fikrimizi may ayında Avropa Şurasında keçiriləcək görüşdə bildirəcəyik. İndi deyə bilərəm ki, Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) gördüyü işlər bizi çox təəcübləndirdi. Azərbaycanda qısa zamanda çox böyük nailiyyətlər əldə edilib”.

Müəllif: Mamed Bağırov