Bəhruz Quliyev: “Mətbuatımız demokratik dəyərlərə hörmət edir"

"Hesab edirəm ki, hər bir vətəndaşın qürur mənbəyi onun güclü dövlətidir. Güclü dövləti şərtləndirən əsas amillərdən biri onun lideridir, ikincisi onun ordusudur, üçüncüsü isə onun demokratik dəyərləridir". SİA-nın verdiyi məlumata görə, bunu "SƏS" Media Qrupunun rəhbəri Bəhruz Quliyev Azərbaycan jurnalistlərinin VII qurultayında çıxışı zamanı deyib. Media Qrupunun rəhbəri bildirib ki, bu sahədə mətbuatımız kifayət qədər işlər görür və demokratik dəyərlərə hörmət edir: "Bildiyiniz kimi qarşıdan 11 aprel növbəti prezident seçkiləri gəlir. Mən əminəm ki, seçkilərdə mətbuat dövləti quran, yaradan və inkişaf etdirən, dünyaya yenidən təqdim edən liderin arxasında dayanacaq. Beləcə düzgün seçimi dünyaya təqdim edəcək". B.Quliyev Mətbuat Şurasının VII qurultayına uğurlar arzu edib: "Əminəm ki, bizim jurnalistlərimiz bu seçimdə yanılmayacaqlar və öz sədrlərini seçəcəklər".

Müəllif: Cabir Məmmədov