Türkiyədə sərnişin qatarı qəzaya uğrayıb, ölən və yaralananlar var

Türkiyənin Çorlu şəhəri (Tekirdağ əyaləti) yaxınlığında Uzunköprüdən Halkalıya gedən sərnişin qatarının qəzaya uğraması nəticəsində ölənlərin sayı 24-ə çatıb.

Bu barədə Türkiyə baş nazirinin müavini Rəcəb Akdağ bildirib.

Onun sözlərinə görə, qəza baş verən yerdə xilasetmə və təxliyə işləri başa çatıb.

Səhiyyə naziri Ahmet Demircan öz növbəsində bildirib ki, hazırda xəstəxanalarda 124 nəfər yaralı müalicə alır.

Qeyd edək ki, iyulun 8-i yerli vaxtla saat 17:00-da Çorlu şəhəri yaxınlığında 362 sərnişin və 6 heyyət üzvünü Uzunköprüdən Halkalıya daşıyan 6 vaqondan ibarət sərnişin qatarı qəzaya uğrayıb. Nəticədə qatarın 5 vaqonu relsdən çıxıb. Müəyyən edilib ki, qatarın relsdən çıxmasına səbəb güclü yağışlar nəticəsində relslərin altında torpağın yuyulması olub.