Meksikada zəlzələdə ölənlərin sayı artır

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 248-ə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Meksikanın qəza-xilasetmə xidmətinin rəisi Luis Felipe Puente öz Twitter hesabında yazıb.

Onun sözlərinə görə, 117 nəfər Mexiko, 72 nəfər Morelos, 43 nəfər-Puebla, 12 nəfər Edomeks, 3 nəfər Qerero, 1 nəfər isə Oaxake ştatında ölüb.

Xatırladaq ki, ötən gün Meksikanın Morelos ştatında 7,1 bal gücündə zələlə baş verib. Yeraltı təkanlar yerli vaxtla 18.14-də (Bakı vaxtı ilə 22.14-də) qeydə alınıb. Zəlzələnin episentri Puebla de Saraqosa şəhərindən 49 km cənub-qərbdə və Tepeoxuma yaşayış məntəqəsindən 8 km aralıda, yerin səthindən 60 km dərinlikdə qeydə alınıb. Güclü zəlzələ bütün ölkə ərazisində hiss olunub. 4 milyona yaxın insan işıqsız qalıb. Mexikoda fövqəladə vəziyyət elan olunub.