"Bu, hər iki tərəfin Azərbaycana olan etimadının göstəricisidir" - AÇIQLAMA

Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında baş tutacaq görüşə münasibət bildirib. Jurnalistlərə açıqlama verən xarixi işlər nazirinin müavini Xələf Xələfov deyib ki, bu bizim ölkəyə olan etimadın göstəricisidir.

"Azərbaycan Rusiya ilə strateji tərəfdaşlıq münasibətindədir. Həmçinin ABŞ-la Azərbaycanın münasibətləri strateji xarakter daşıyır. Bu, hər iki tərəfin Azərbaycana olan etimadının göstəricisidir. Azərbaycan belə yüksək səviyyəli görüşlərin keçirilməsi və çox vacib məsələlərin müzakirə olunması üçün platforma seçilib", deyə X.Xələfov qeyd edib.

O əlavə edib ki, Azərbaycan beynəlxalq və vacib tədbirlərin mərkəzinə çevrilib: "Bu da ölkəmizin beynəlxalq səviyyədə nüfuzunun artmasının göstəricisidir. Ölkəmiz müstəqillik dövründə bu sahədə böyük təcrübə qazanıb".

Müəllif: Cabir Məmmədov