"Ölkənin media mühitinə xarici ünsürlərin təsir göstərməsinə imkan verilməyəcək" MÖVQE-ÖZƏL

“Ənənəvi olaraq eyni insanlardır ki, onlar ayrı-ayrı ölkələrdən maliyyə yardımı alaraq, bu dəstək əsasında müəyyən dövr ərzində Azərbaycan mətbuatında, mediasında söz sahibi olmağa iddia ediblər. Şübhəsiz ki, məqsədləri və məramları Azərbaycan dövlətinə, ölkəmizin informasiya məkanının təhlükəsizliyinə xidmət etməkdən ibarət olmayıb”. Bu fikirləri Səs TV-yə “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli Prezident İlham Əliyevin çap mediasına maliyyə yardımı ilə bağlı sərəncamına edilən narazılıqlara münasibət bildirərkən deyib.

Baş redaktor bildirib ki, həmin şəxslər bu gün dövlətin mediasına sahib durmasından narahatlıq keçirirlər: “Dövlət mediaya dəstəyi özünün əsas missiyasından biri hesab edir. Azərbaycan mətbuatı da şübhəsiz ki, dövlətimizin, ictimaiyyətin maraqlarını müdafiə edir, ölkənin informasiya təhlükəsizliyinin təmin edilməsinə və bu informasiya məkanına xas xarici təsirlərin azalmasına çalışır və bu istiqamətdə kifayət qədər ciddi addımlar atır. Görünür bu amillər həmin şəxsləri narahat edir”.

E.Mirzəbəyli qeyd edib ki, məsələyə digər tərəfdən baxsaq yeni layihələr imkan yarandığını görmək mümkündür: “Yəqin həmin şəxslər xaricdən yeni layihələr almaq istədikləri üçün, məqsədləri Azərbaycanda media, dövlət siyasətini qaralamaqdan ibarətdir. Şübhəsiz ki, bütün bunlar nəticə verməyəcək. Həm ictimaiyyət medianın yürütdüyü missiyanın mahiyyətini yaxşı başa düşür, həm də media Azərbaycan xalqının, dövlətinin hədəflərini, bu gün dünyanın ayrı-ayrı ölkələrindən Azərbaycana qarşı yönələn təhdidlərini yaxşı anlayır. O aspektdən də ölkənin media mühitinə və informasiya məkanına xarici ünsürlərin hər hansı bir formada təsir göstərməsinə imkan verilməyəcək”.

Xatırladaq ki, Prezident İlham Əliyev milli mətbuatın yaranmasının 143-cü ildönümü ərəfəsində nəşr olunan qəzetlərə maddi yardım edilməsi ilə əlaqədar Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1 milyon manat ayrılıb. Amma təəssüf ki, "Media Klubu" adlı qurum və onun təmsilçiləri, xüsusilə Elçin Şıxlı, Arif Əliyev dövlətin çap mediasına ayırdığı maddi yardıma ehtiyacın olmadığını, hətta qəzetlərin fəaliyyətlərinin dayandırılmasını iddia edirlər.

Müəllif: Cabir Məmmədov