Ulyanovskdakı Azərbaycan diasporunun fəalları

Mən Azadov Neyman Ağazəddin oğlu 1971-ci ildə Göyçay rayonunda anadan olmuşam. 1991-ci ildə hərbi xidmətimi başa vurduqdan sonra, Ulyanovsk Dövlət Universitetinin Hüquq Fakültəsinə qəbul olmuşam. 2005-ci ildən vəkil kimi fəaliyyət göstərirəm. Ulyanovsk şəhərində yerləşən “Regionlararası Vəkillər Kollegiyasının” 48 saylı filialının rəhbəriyəm. Diaspor fəaliyyəti ilə isə, Ulyanovsk şəhərində yaşadığım ilk gündən bu günədək məşğulam. Ulyanovsk şəhərindəki Azərbaycan diasporunun rəhbəri İslam Hüseynovun hüquq məsələləri üzrə müaviniyəm. Bizim şəhərimizdəki diaspor fəaliyyəti öz aktivliyi ilə, bütün şəhərlərdən seçilir. Rəhbərimiz İslam Hüseynovun təşəbbüsü ilə Ulyanovsk şəhərinin mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin möhtəşəm abidəsi ucaldılıb. Abidənin ətrafındakı meydan da, Ulu Öndərin adını daşıyır. Bundan əlavə məktəbin yaxınlığında yerləşən 78 saylı tam orta məktəb də Heydər Əliyevin adını daşıyır. Həmin məktəbə Ulu Öndərin adı verildikdən sonra Heydər Əliyev fondunun maliyyə dəstəyi ilə əsaslı təmir olunub. Məktəb direktorunun sözlərinə görə, təmirdən sonra şagirdlərin sayı 3 dəfə artıb. Ümumiyyətlə isə, bu gün sözügedən məktəb, Ulyanovsk şəhərinin ən nüfuzlu məktəblərindən sayılır. Həmin məktəbin nəzdində bazar günü Azərbaycan məktəbi də fəaliyyət göstərir. Məktəbin içərisində Azərbaycan tarixini, mədəniyyətini, adət ənənələrini və s. özündə əks etdirən muzey də fəaliyyət göstərir.

Ulyanovsk şəhərində fəaliyyət göstərən Azərbaycan diasporunun əsas prinsiplərindən biri də, millətlərarası və xalqlar dostluğunu yaratmaqdır. Bununla yanaşı milli adət-ənənələrimizin qorunub saxlanılmasına da, ciddi fikir verilir. İslam müəllimin rəhbərliyi altında mini futbol turniri keçirilir ki, bu da millətlərin dostluğuna xidmət edir. Bu il 23 fevralda keçirilən turnirdə 25 komanda iştirak edirdi. Azərbaycanlıların da Neftçi adlı milli komandası var. Artıq 10 ilə yaxındır ki, bir dəfə 1-ci yer olmaqla, digər vaxtlarda isə 2-ci yerə bizim komandamız layiq görülüb.

Məlum olduğu kimi, Ulyanovsk şəhərindəki Azərbaycan diasporu xeyriyyəçiliklə də məşğul olur. Bütün milli bayramlarımızda uşaq evlərinə, internat məktəblərinə, qocalar evinə müxtəlif cür yardımlar edirik. Novruz bayramında isə Azərbaycanın milli şirniyyatları ilə körpə balaları sevindiririk.

Bu gün Ulyanovskda bütün dövlət strukturlarında, Azərbaycan diasporuna xüsusi diqqət yetirilir. Ulyanovsk şəhərində keçirilən, xüsusən də milli məsələlərə aid olan bütün tədbirlərdə diaspor rəhbəri İslam Hüseynov da yaxından iştirak edir. İstər şəhərin meri, istər də Ulyanovsk Vilayətinin Qubernatoru Azərbaycan diasporuna həmişə diqqət və hörmətlə yanaşır.

Azərbaycan diasporunun gördüyü işlərə Ulyanovsk Vilayətinin Qubernatoru Serqey İvanoviç Morozov yüksək qiymət verərək İslam Hüseynovu “Xalqlar dostluğu” ordeni ilə təltif edib.

Ulyanovsk şəhərindəki Azərbaycan diasporu tez-tez mükafatlara layiq görülür, lakin bunların içərisində ən böyük mükafat isə, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə “Tərəqqi medalı” olub.

Bu gün Ulyanovsk şəhərində fəaliyyət göstərən Azərbaycan diasporu öz gücünə görə, birincilər sırasındadır, hətta mən deyərdim ki, birincidir. Təsadüfi deyil ki, Rusiya DİN nəzdində yaradılan miqrasiya məsələləri üzrə koordinasiya ittifaqına uzun illərdir ki, İslam Hüseynov rəhbərlik edir.

Əlmaniz Ələkbərli