"Azərbaycan xalqı, dövləti belə bir referendumu tanımır"

"Fevralın 20-də Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında yaradılmış qondarma qurumun "konstitusiya islahatları" adı altında keçirmək istədiyi referenduma qarşı Azərbaycan dövlətinin müvafiq qurumları lazım olan bütün tədbirləri bu vaxta kimi görüblər və bundan sonra da görüləcək". Bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov Səs TV-nın əməkdaşının sualını cavablandırarkən deyib.

Baş nazirin müavinin sözlərinə görə, həqiqət ondan ibarətdir ki, bütün dünya, beynəlxalq qurumlar birmənalı şəkildə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu qəbul edirlərdir. Problemin bu günə kimi həll olunmaması bu yanaşmanın dəyişməsi anlamına gətirmir. Beynəlxalq təşkilatlar da bu qənaətdədirlər. Azərbaycan dövləti və xalqı qəti şəkildə Dağlıq Qarabağla bağlı öz mövqeyini ortaya qoyub. Heç bir halda, ölkə rəhbərinin dəfələrlə bəyan etdiyi kimi, Azərbaycanın ərazisində ikinci bir erməni dövlətinin yaradılmasına imkan verilməyəcək. İkincisi, Azərbaycanın bir qarış torpağı da Azərbaycanın ərazisindən qoparılıb ayrıla bilməz. O cümlədən də təbii ki, Dağlıq Qarabağın müstəqilliyi, Azərbaycandan ayrılması müzakirə predmeti deyil, olmayıb və olmayacaq da".

Separatçıların keçirmək istədiyi referenduma gəlincə, Əli Əhmədov bildirib ki, bunun bütövlükdə problemin həll olunmasına, Dağlıq Qarabağın Azərbaycana aid olub-olmaması məsələsinə elə bir aidiyyatı yoxdur: "Əgər özlərinin könüllərini xoş etmək üçün bu referendumu keçirmək istəyirlərsə, qoy keçirsinlər. Təbii ki, Azərbaycan xalqı, dövləti belə bir referendumu tanımır və tanımayacaq. Xüsusilə vurğulamaq istəyirəm ki, beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan qurumlar təbii ki, bu referendumu və onun nəticələrini tanımayacaqlar. Beləliklə, bu referendum və onun nəticələri ölkəmizin Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətini dəyişməyəcək, mövqeyinə hər hansı bir təsir göstərməyəcək. Bu, sadəcə olaraq münaqişənin nizama salınması üçün aparılan işlərin müəyyən qədər çətinliyə salınması, Ermənistan tərəfindən törədilən təxribatlardan biri kimi qiymətləndirilə bilər".